Misirdə qədim polis fiti tapılıb | FOTO

   Misirdə qədim polis fiti tapılıb |    FOTO
  24 Sentyabr 2025    Oxunub:577
Arxeoloqlar Misirdə yerli hüquq-mühafizə dəstələri ("mecay") tərəfindən işlədildiyi düşünülən, inəyin pəncə sümüyündən hazırlanmış qədim fit aşkarlayıblar.
"International Journal of Osteoarchaeology" elmi jurnalında yayımlanan məqalədə bildirilir ki, fit firon IV Amenhotepin əsasını qoyduğu qədim Axetaten şəhərinin ərazisində, "Daş kənd" adlı məntəqədə aparılan qazıntılar əsnasında üzə çıxarılıb. Məlumata əsasən, müasir Misirin Minya vilayətində yerləşən bu ərazidə 2008-ci ildən bəri arxeoloji tədqiqatlar aparılmaqdadır.

Arxeoloqlar diqqətə çatdırırlar ki, artefakt qədim Misir xarabalıqlarında tapılmış ilk fitdir. Fərziyyəyə görə, "Daş kənd"in yaxınlığında yerləşən "Fəhlə kəndi"ndə firon məqbərəsini tikən fəhlələr yaşayırdılar.
3 min illik firon bilərziyi oğurlanaraq əridilib

"Bu məntəqələrdə aşkarlanmış bir neçə spesifik binanın məhz onların işini izləmək məqsədilə ucaldıldığını düşünürük. Məhz belə binalardan birinin yerində üzə çıxan fit, çox güman ki, fəhlələri nəzarətdə saxlayan "mecay" adlı polis dəstələrinə aid idi", – arxeoloqlar vurğulayırlar.

Alimlərin fikrincə, qədim Misir üzrə tədqiqatlar əsasən fironların, onların abidə və məzarlarının tarixinə yönəldiyi üçün bu ölkənin adi insanlarının həyatları, məişətləri haqqında nisbətən az şey məlumdur:

"Halbuki həmin insanların yaşadıqları qədim məntəqələrin də öyrənilməsi çox vacibdir. Çünki qədim Misirin məişətində daha böyük tarixin izlərini tapa bilərik".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Misir   arxeologiya   polis   fit  



Xəbər lenti